“Dram ilə dolu bir il” (2020) sənədli film
DRAMA İLƏ DOLU İL / SƏNƏDLİ FİLM
Gənc qadın bu dünyada öz yerini tapmağa çalışmaqla, öz üzərinə çox cəsarətli “insan təcrübəsindən” keçməyi qərara alır.
İnsanlar üzərində təcrübə haqqında elan verilir... Elanda heç zaman teatrda olmayan adama pullu iş təklif olunur. Başlıca məqsəd - kiçik bir ölkədə bir il ərzində hər bir teatr tamaşasına baxmaq və resenziya yazmaqdır. Kiçik bir şəhərcikdən olan 21 yaşlı Alisiya işə götürülür. Özü əyalətdən və rusdilli ailədən olan Alisiyanın incəsənət haqqında ümumiyyətlə anlayışı yoxdur. Amma o, yenə də paytaxta köçmək və zəngin mədəniyyət dəryasına qərq olmaq çağırışını qəbul etməyə qərar verir. Bu yeni durumda, onun dünyaya baxışları genişlənməyə başlayır və aylar ötdükcə, onu öz kimliyini, özünü və cəmiyyətdə tutduğu rolu ilə bağlı suallar narahat edir. Alisiya başa düşür ki, özünü yenidən dərk etmək, yaşamağa, sağ qalmağa layiq olan gələcəyi təyin etmək üçün, keçmişin ağrı-acıları ilə üzləşməkdən başqa çıxış yolu yoxdur. Baş qəhrəmanı 365 gün ərzində 224 tamaşadan keçirən "Drama dolu bir il", bir insanın incəsənəti “istehlak” etməklə, onu qəbul etməklə bağlı həddini yoxlamaqla, incəsənətin insan həyatını dəyişmək gücünə qadir olmasını sual altına qoymaqla, bir həqiqi həddi-buluğa çatma tarixçəsi kimi xidmət edir.
Filmin premyerası 2019-cu ilin sonunda baş tutub və müxtəlif kinofestivallarla yanaşı, “Docs Against Gravity”, “BAFICI” və Sidney Film festivalında iştirak etmək üçün seçilib.
MARTA PULK
Marta Pulk 1988-ci ildə, Estoniyada “Nəğmə inqilabı” və Sovet İttifaqının dağılmasının qızğın çağında anadan olub. O, doğma kiçik dənizkənarı şəhərində Pink Floyd, Backstreet Boys və Red Hot Chili Peppers qruplarının mahnılarına qulaq asmaqla böyüyüb. Orta məktəbi bitirdikdən sonra, o, mamaçalara kömək etmək üçün doğum evinə işə düzəlir və oradan isə çox asanlıqla kino məktəbinə daxil olur... Baltikyanı Kino və Media Məktəbini kinematoqrafiya ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.
Martanın filmləri çox təsirli vizual üslub və insanın güclü ruhuna və bizi mübarizə aparmağa məcbur edən amillərə qarşı tükənməz maraq ilə fərqlənir. Onun filmləri tez-tez kəskin sosial mövzuları işıqlandırmaqla yanaşı, özündə güclü və poetik ruhu birləşdirir.
Həm sənədli, həm də bədii film janrında işləyən Martanın qısametrajlı filmləri Tallin Black Nights Film Festivalı, Zaqrebdoks, Doc Buenos Aires, Bogoshorts və s. kinofestivallarda nümayiş olunub, həmçinin Silver Eye mükafatına namizədlər siyahısına daxil edilib. 2018-ci ildə Verner Hersoqun himayəsi və dəstəyi altında Perunun Amazon meşələrində çəkilmiş "Vida Alegre" filmi, distribüt üçün “Black Factory Cinema” şirkəti tərəfindən seçilib.