MEŞƏNİN PIÇILTISI — SƏSİN SEHRİ / Elnara Nəsirlinin sərgisinin açılışı
Tarix: 20 may
Vaxt: 19:00
Məkan: Nine Senses Art-mərkəz
Ünvan: 31-ci dalan, Nardaran, Sea Breeze Resort
Festival çərçivəsində rəssam Elnara Nasirli ilə Latviya Səfirliyinin əməkdaşlığı təqdim olunacaq. “Meşənin Piçıltısı” adlı instalyasiya Latviyadan palıd ağacına qoşulmuş sensorlar vasitəsilə yaranan səslərə əsaslanır. Ağacdan çıxarılan səs impulsları incə akustik vibrasiyalara çevrilir və yalnız yaxın məsafədə hiss edilə bilir. Layihə Gazelli Art House-da keçirilmiş sərgidə başlanan araşdırma xəttini davam etdirərək, təbiət, texnologiya və insan qavrayışı arasındakı həssas, lakin həyati əhəmiyyət daşıyan əlaqələrə diqqət çəkir.
Elnara Nəsirli
Ətraf mühit texnologiyalarına bağlı bir sənətçi kimi ilhamımı biotexnologiya ilə qarışıq media arasındakı kəsişmədən alıram. Əsərlərim ənənəvi sərhədləri aşaraq rəsm, heykəltəraşlıq, kollaj və instalyasiyanı bir araya gətirir, sərhədsiz biomorfik aləmlər qururam. Yunan mənşəli “bios” (həyat) və “morphe” (forma) sözlərindən ilhamlanaraq yaratdığım vizual dil orqanik formalara və təbiətin ritminə bənzəyir. Hər bir məkan izləyicini fərqli hiss və duyğularla zəngin olan immersiv audio-vizual bir səfərə dəvət edir, insan təcrübəsinin, özünüifadənin və təbiətlə olan əlaqənin müxtəlif yönlərini araşdırmağa sövq edir.
Bu səyahət vasitəsilə mən həm emosional sağalmanı təşviq etməyə, həm də ətraf mühitə qarşı daha çox diqqət və anlayış yaratmağa çalışıram. Mənim sənət missiyam təkcə estetik gözəllik axtarışı deyil — bu, yaradıcı ifadənin daşıdığı transformativ gücün dərinliklərinə bir araşdırmadır. Sənətimlə qarşılaşan hər bir insanla birlikdə biz neyron səviyyəsində bir dəyişiklik yoluna çıxırıq — bu yol bizi həm möhkəmlənməyə, həm də həyatın çətinliklərinə qarşı azadlığa və dirçəlişə aparır.