Fidan Nazimqızı, “Azərbaycanın qadın qəhrəmanları”
“Mən Azərbaycandanam. Azərbaycan Cənubi Qafqaz regionunun bir hissəsidir və şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Fotolarımla birlikdə sizə bölgələrdə yaşayan qadınlardan da yazmaq istəyirəm. Rayonlarda qadınlar gənc yaşlarda ailə həyatı qururlar. Həyat yoldaşları müəyyən müddətə pul qazanmaq üçün başqa ölkələrə gedirlər. Beləcə də illərdir qadınlar tək yaşayırlar. İllər sonra həyat yoldaşları başqa həyata başlayır və həyat yoldaşlarını unudurlar. O qədər analar var ki, onlar uşaqları çox böyük çətinliklə böyüdürlər. Çox zəhmətkeşdirlər, həm ev işlərini görür, həm də işləyirlər. Kimisi səhərdən axşama kimi küçə süpürür, bəzisi bazarda, tarlada işləyirlər. İllər keçdikcə tənha qocalırlar. Məsələn, göndərdiyim fotolarda kameraya baxan iki qadın və onların yanındakı kişinin yuxuya getməsi bütün yazdıqlarımın təsviri ola bilər”.
“Azərbaycanın Qadın Qəhrəmanları” fotoları 2020–2023-cü illərdə İsmayıllının İvanovka kəndində, Lənkəranda, Qubanın Qrız kəndində, Lerikin Bibiyoni kəndində, Bilgəhdə, Lənkəranda, Sabunçuda, Bakıda çəkilib.
Fidan Nazimqızı
Fidan Nazimqızı Azərbaycanda, Bakıda yaşayır. Universitet təhsilini “Kitabxanaçılıq və informasiya” sahəsində almışdır. İllərlə kitabxanada işlədikdən sonra mühasibatlıq sahəsində çalışsa da, son illərdə bütün diqqətini fotoqrafiyaya yönəltmişdir. Alternativ prosesləri öyrənərək, o, ev laboratoriyasında fotoşəkilləri çap edir. Bu alternativ üsul siyanotip adlanır ki, bu da 1843-cü ildən istifadə edilən qədim üsuldur. Bundan əlavə, fotoşəkilləri çap etmək üçün digər kimyəvi vasitələrdən istifadə edərək onları köhnələşdirə bilir. O, həmçinin ev laboratoriyasında köhnə kağızlar və qəhvə ilə foto çapları edir. Siyanotip fotoqrafiyasının onun həyatında çox dərin yeri var. O hesab edir ki, belə bir yerin yaranmasına səbəb onun yaddaşlarımızda silinməz qalmasıdır. Siyanotip fotoları ilə öz aləmində yaşayır. Siluetli hər hansı xəyallarını, bəlkə də fantaziya dünyasını xatırladır. Hazırda redaktor və fotoqraf kimi fəaliyyət göstərir.